“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi: yeniliklər və üstünlüklər

Heç kəsə sirr deyil ki, uzun illər gömrük orqanlarında qeyri-şəffaflıq hökm sürmüş, nəticədə həm dövlət, həm də sahibkarlar bunun acı nəticələri ilə üzləşmişlər. Acınacaqlısı isə o idi ki, bütün qanunsuzluqlar hər kəsin gözü önündə baş verir və sanki “belə də olmalıdır” fikri formalaşdırılımışdır. Etdikləri yaramazlıqlara isə gətirdikləri ən “yağlı” arqument: “Biz bazarı tənzimləyirik” cümləsi idi. Şikayətlərin, iradların isə heç bir əhəmiyyəti yox idi. Bir sözlə gömrük orqanlarında özbaşınalıq baş alıb gedirdi.

Son zamanlar isə istər gömrük qanunvericiliyi sahəsində, istərsə də malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması sahəsində çox ciddi addımlar atılmaqdadır. Bütün bunlar isə nə qədər də qüsurların olmasına baxmayaraq gömrük orqanlarına nüfuz qazandıracaq və zaman-zaman cəmiyyət arasında formalaşmış mənfi streotipləri qıracaqdır. Amma hələlik görüləcək çox işlər, atılacaq çox addımlar var deyib, gömrük qanunvericiliyi sahəsində son illərdə tətbiq edilən yeniliklərdən biri haqqında – “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi, ondan daimi istifadə hüququnun əldə edilməsi və üstünlükləri barədə yazmaq istəyirəm.

Qısaca məlumat verim ki, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 4 mart 2016-cı il tarixli 1853 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 21 may 2016-cı il tarixli  920 saylı Fərman imzalanmış və bu Fərmanla “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilmişdir. Həmin sənəddə dörd buraxılış sistemi fərqləndirilmişdir: “Yaşıl”, “Mavi”, “Sarı”, “Qırmızı” buraxılış sistemləri.

Bu buraxılış sistemlərindən istifadə hüququ isə bir sıra meyarlar əsasında verilir. Qaydalarda nəzərdə tutulmuş buraxılış sistemlərindən istifadə olunması, gömrük nəzarətinin həyata keçirilməsi və gömrük yoxlamalarının aparılmasının zəruriliyinin müəyyən olunması məqsədi ilə idxalatçılar yüksək, orta və aşağı risk qruplarına bölünürlər. İdxalatçıların risk qrupları üzrə bölgüsü risk qruplarının müəyyənləşdirilməsi meyarları əsasında aparılır və həmin meyarlara əsasən aşağı risk qrupuna aid edilmiş idxalatçıların orta və ya yüksək risk qrupuna keçirilməsi üçün əsaslar yaranmadıqda dəyişməz qalır. Orta və yüksək risk qrupuna aid edilmiş idxalatçıların risk qrupunun dəyişdirilməsi məsələsinə 6 (altı) aydan bir yenidən baxılmalıdır. Risk qrupları müəyyən edilərkən bir sıra meyarlar nəzərə alınır ki, onlar əsasən aşağıdakı kimi təsnifləşdirilmişdir:

  1. idxalatçının xarici ticarət əməliyyatları sahəsində fəaliyyətinin miqyası;
  2. idxalatçının xarici ticarət əməliyyatları sahəsində fəaliyyət göstərdiyi müddət;
  3. idxalatçı tərəfindən idxal olunan məhsulların xüsusiyyətləri (çeşidləri);
  4. idxalatçı tərəfindən əvvəllər aparılmış xarici ticarət əməliyyatlarının nəticələri;
  5. idxalatçının maliyyə intizamlılığı;
  6. idxalatçı tərəfindən gömrük ödənişləri və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcunun olmaması
  7. idxalatçının əvvəllər iqtisadi sahədə cinayətlərə görə cinayət məsuliyyətinə, həmçinin vergi və ya gömrük qaydalarının pozulmasına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaması;
  8. idxalatçının gömrük sərhədindən keçirilən mallarının uçotunda və onlar haqqında hesabatlarda uyğunsuzluqların və ziddiyyətlərin olmaması;
  9. sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanları tərəfindən aparılan yoxlamaların nəticələri;
  10. xarici ölkələrin gömrük və digər orqanlarının məlumatı.

Qeyd edilən meyarlar əsasında Dövlət Gömrük Komitəsi tərəfindən idxalatçıların risk qrupları müəyyənləşdirilir. Bundan başqa gömrük yoxlamasının həyata keçirilməsi məqsədi ilə risk qruplarına aid olan idxalatçıların bölgüsü aparılarkən aşağıdakı tələblərə əməl olunmalıdır:

  1. aşağı risk qrupuna aid olan idxalatçıların ümumilikdə 10 faizindən çox olmayan hissəsində gömrük yoxlaması həyata keçirilə bilər;
  2. orta risk qrupuna aid olan idxalatçıların ümumilikdə 50 faizindən çox olmayan hissəsində gömrük yoxlaması həyata keçirilə bilər;
  3. Yüksək risk qrupuna aid olan bütün idxalatçılarda gömrük yoxlaması həyata keçirilir.

Mallar və nəqliyyat vasitələri “Yaşıl dəhliz” buraxılış sistemi vasitəsi ilə o hallarda gömrük sərhəd buraxılış məntəqəsindən gömrük ərazisinə buraxılır ki, onlar aşağı və ya orta risk qrupuna aid edilsin və onlarda gömrük yoxlaması aparılmasın. Başqa sözlə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməklə gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük ərazisinə buraxılış zamanı və gömrük ərazisinə buraxıldıqdan sonra fiziki yoxlanılmadan azaddır.

Mövcud qaydalarda  “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair tələblər də müəyyən edilmişdir.Onlar da aşağıdakı kimi təsnifləşdirilir:

  1. mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən ən azı 1 (bir) saat əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir;
  2. qısa idxal bəyannaməsində gömrük qanunvericiliyi ilə tələb olunan məlumatlar əks etdirilməlidir;
  3. nəqliyyat vasitəsinin texniki konstruksiyası onun texniki sənədləri ilə müəyyən edilmiş normalar həddində olmalıdır;
  4. mallar və nəqliyyat vasitələri üzərində vizual müayinə aparılması üçün gömrük orqanının əməkdaşlarına şərait yaradılmalıdır;
  5. idxalatçının informasiya mübadiləsini həyata keçirməsi və həmin informasiyanın mühafizəsini təmin etməsi üçün müvafiq imkanları olmalıdır.

Göründüyü kimi bu Qaydalarla (920 saylı Fərman) müəyyən edilən buraxılış sistemi əsasən gömrük sərhəd buraxılış məntəqələrindən malların və nəqliyyat vasitələrinin sürətli və optimal vaxt rejimində keçidini nəzərdə tuturdu. Amma təcrübə göstərdi ki Qaydalar qəbul edildikdən sonra faktiki olaraq tətbiqi elə də effektli olmadı. Belə ki heç bir sahibkar qabaqcadan qısa idxal bəyannaməsi təqdim etmədi. Həm mal sahibləri, həm də gömrük əməkdaşları ənənəvi metodlarla işləməyə üstünlük verdilər. Ən əsası isə bu qaydalar sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına təsir etmədi. Məlumdur ki hər bir sahibkar əsasən xərclərin azaldılmasına yönələn yeniliyi daha tez mənimsəyər və tətbiq edərdi. Sahibkarlar üçün çətin və ağrılı məsələ rəsmiləşdirilmə prosesi zamanı malların terminallarda qalaraq kifayət qədər xərclər yaratması idi. Üstəgəl bu xərclərin bir qismi hələ də qeyri-rəsmi şəkildə indi də zorla sahibkarlardan “qoparılmaqdadır”.

Düzdür Gömrük Məcəlləsində Səlahiyyətli İqtisadi Operatorlar haqqında müddəalar və dünyada tətbiq edilən bu sistem bir növü gömrük nəzarətinin və rəsmiləşdirilməsinin alternativ və daha optimal forması kimi tətbiq edilir. Ancaq bizdə bu institut ilə bağlı qanunvericiliyə nəzər salsaq görərik ki, yaxın bəlkə də 20-30 ildə buunun tətbiqi Azərbaycanda mümkün olmayacaq. Həm də hazırki vəziyyətdə heç düşünmürəm ki, Dövlət Gömrük Komitəsi də buna maraqlı olsun.

O zaman nə etmək lazım idi. Ən yaxşı həll yollarından biri SİO ilə gömrük sərhəd buraxılış məntəqələri üçün nəzərdə tutulan buraxılış sistemlərinin bir sıra xüsusiyyətlərindən kombinə bir yanaşma ortaya qoymaq idi. Bu isə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 427 saylı Fərmanı ilə təsdiqlənən “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” ilə mümkün oldu. Bu yeni sənəd isə daha mütərəqqi və sahibkarların maraqlarına hesablanmış, indiyə qədər gömrük sistemində analoqu olmayan bir yanaşmanı nəzərdə tuturdu. Artıq sahibkarla gömrük orqanları arasında bir güvən ortamı formalaşır, mallar və nəqliyyat vasitələri birbaşa sahibkarın müəyyən etdiyi anbarlara daxil olur, eyni zamanda fiziki gömrük nəzarəti olmur və mallar ən optimal vaxt rejimində rəsmiləşdirilir. Məmur sahibkar təması isə minumuma enir.

Bəs iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi üçün tələblər və şərtlər nələrdir, sahibkarlara hansı üstünlükləri qazandırır?

Belə ki yeni Qaydalara əsasən  aşağıda göstərilən bütün tələblərə cavab verən aşağı risk qrupuna aid şəxs idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər:

  1. idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 (bir) il ərzində təcrübəsi olan;
  2. gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan;
  3. daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən;
  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan istifadə edən;
  5. qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş.

Bunlarda 1,3 və 5-ci maddələrdəki tələblərə cavab verən aşağı risk qrupuna aid şəxs ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər.

Şəxs qanunvericiliyə uyğun olaraq Dövlət Gömrük Komitəsinə elektron formada müraciət edir və nəzərdə tutulan tələblərə cavab verib-vermədiyini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bir ay müddətində yoxlayır. Nəzərdə tutulan tələblərə cavab verən şəxsə idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilir və bu barədə ona müvafiq bildiriş göndərilir. Bu hüququ əldə etmiş şəxs isə aşağıdakı üstünlükləri əldə edir:

  1. malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidinin təmin edilməsi;
  2. gömrük sərhəd buraxılış məntəqələrində, ticarətin asanlaşdırılması mərkəzlərində və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün müəyyən edilmiş digər yerlərdə gömrük orqanlarının göstərdikləri xidmətlərin prioritet qaydada yerinə yetirilməsi;
  3. gömrük auditinin tətbiqi ilə fiziki gömrük yoxlamalarının minimuma endirilməsi;
  4. malların gömrük ekspertizasının aparılması xidmətlərinin prioritet qaydada həyata keçirilməsi;
  5. gömrük orqanlarının razılığı əsasında gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsini gömrük orqanları əməkdaşlarının tərəfindən iş yerindən kənarda və iş vaxtından kənar saatlarda aparması;
  6. gömrük işi sahəsində yeniliklər, ən yaxşı təcrübələr, habelə beynəlxalq təşkilatların tövsiyə və standartları ilə bağlı təşkil edilən təlimlərdə iştirak.

İdxal zamanı:

  1. idxal olunan malların şəxsin anbarlarına birbaşa aparılması;
  2. gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) müstəqil qaydada çıxarılması və malların boşaldılması;

İxrac zamanı:

  1. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisinin fəaliyyət zonasını əhatə edən gömrük orqanına getmədən, ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə, malları bəyan etdiyi gömrük sərhəd buraxılış məntəqəsinə birbaşa göndərməsi;
  2. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisinin gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrini (plomblar, möhürlər, ştamplar və sair) müstəqil tətbiq etməsi.

Göründüyü kimi, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verilməsi, yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan gömrük sistemində tamamilə yeni bir yanaşmadır və şəffaflaşmağa doğru atılmış önəmli bir addımdır. Təəssüflər olsun ki, illərlə davam edən qeyri-şəffaf mühit bir çox hallarda sahibkarlarımızın iş prinsiplərində də  mənfi alışqanlıqlar formalaşdırmışdır. Hələ də bəzi sahibkarlar köhnə yanaşmalardan əl çəkmir, qeyri-rəsmi yollara əl atır, qiymətləri aşağı tərtib edir və s. Halbuki qanunvericiliyə düzgün riayət etməklə həm özləri qazanmış olar, həm də dövlətin onlara uzanmış “əlini” tutmaqla könüllü riayət mədəniyyətinin formalaşdırılmasına dəstək vermiş olarlar.