gomruk deyerinin hesablanmasi bundan basga gomruk rusumlarinin hesablanmasi

Gömrük dəyərinin və rüsumlarının hesablanması metodologiyası

Gömrük dəyəri – idxal və ixrac olunan mallara gömrük vergi və rüsumlarının, eləcə də gömrük yığımlarının tətbiq olunması üçün hesablanan dəyərdir – bazadır. Bu əsas təyinatdan başqa gömrük dəyəri birbaşa və ya dolayı yolla digər gömrük məqsədləri (gömrük statistikasının aparılması, valyuta nəzarətinin həyata keçirilməsi və s.) üçün də vacib əhəmiyyət kəsb edir. Ona görə də malların gömrük dəyərinin müəyyən edilməsi – gömrük dəyərləndirilməsi beynəlxalq təcrübədə qəbul olunmuş prinsiplərə əsaslanmalıdır. Bu beynəlxalq prinsiplər 1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsi, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşma və onun əlavələri əsasında öz təsdiqini tapır. Dünya əksər ölkələrinin birləşdiyi bu razılaşmanın məqsədi neytral sistemlə malların gömrük dəyərinin hesablanmasl üçün bütün dünyada vahid qayda yaratmaqdan ibarətdir.

Azərbaycan Respublikasının gömrük qanunvericiliyində gömrük dəyəri “Gömrük Tarifi haqqında” qanunla tənzimlənir. Sözügedən qanun 13 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir. Qanun 5 fəsil, 23 maddədən ibarətdir. Qanunun ikinci və üçüncü fəsli bütövlükdə malın gömrük dəyərinə həsr olunmuşdur. Qanuna görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri və rüsumlarının hesablanması aşağıdakı üsullarla müəyyən edilir:

1. malların sövdələşmə qiyməti ilə;
2. eyni malların sövdələşmə qiyməti ilə;
3. eynicinsli malların sövdələşmə qiyməti ilə;
4. dəyərin çıxılması üsulu ilə;
5. dəyərin toplanması üsulu ilə;
6. ehtiyat üsulu ilə.

Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin hesablanmasının əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilməlidir. Yalnız dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu isə istənilən ardıcıllıqla tətbiq edilə bilər.

Onu da qeyd edək ki, bəzi hallarda qanunvericilikdəki bu qaydaya əməl olunmur. Belə ki, gömrük dəyəri ehtiyat üsul adı ilə birbaşa sonuncu üsula keçərək Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunan ictimaiyyətə açıq olmayan, hansı əsasla müəyyənləşdirildiyi bilinməyən “minimal qiymətlər”lə tənzimlənir. Əgər gömrük rüsumlarının hesablanması bu üsulla tənzimlənirsə, heç olmasa həmin “minimal qiymətlər” ictimaiyyətə açıq olmalıdır ki, sahibkarlar əvvəldən idxal edəcəyi məhsulun gömrük dəyəri barədə məlumatı olmalıdır.

Yuxarıda da qeyd etdiyimiz kimi, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük rüsumlarının hesablanmasının əsas üsuludur. Sövdələşmə qiyməti dedikdə Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət nəzərdə tutulur. Gömrük dəyərini bu üsulla müəyyən etmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti əsas götürülməlidir. Eyni mallar dedikdə fiziki xassələri (malların dəyərinə təsir etməyən kiçik fərqlər istisna olmaqla), keyfiyyəti, həmçinin bazardakı nüfuzu da daxil olmaqla, bütün xüsusiyyətləri eyni olan mallar nəzərdə tutulur. Eyni malların eyni kommersiya səviyyəsində və eyni və ya təqribən eyni miqdarda satışı müəyyən edilmədikdə, aşağıdakı şərtlərdən birinə cavab verən eyni malların satışının sövdələşmə qiymətindən istifadə olunmalıdır:

1. eyni kommersiya səviyyəsində, lakin dəyərləndirilən malların satıldığı miqdardan fərqli miqdarda satış;
2. fərqli kommersiya səviyyəsində, lakin dəyərləndirilən malların satıldığı eyni və ya təqribən eyni miqdarda satış;
3. fərqli kommersiya səviyyəsində və fərqli miqdarda satış.

Dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni mallarla əlaqədar iki və ya daha çox sövdələşmə dəyəri olduğu hallarda, dəyərləndirilən malların gömrük dəyəri belə sövdələşmə dəyərlərinin ən aşağı olanı əsasında müəyyənləşdirilməlidir.

Malların gömrük dəyərini bu eyni malların sövdələşmə qiyməti ilə müəyyənləşdirmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eynicinsli malların sövdələşmə qiyməti əsas götürülür. Eynicinsli mallar dedikdə bütün cəhətlərinə görə oxşar olmasa da, eyni funksiyaları yerinə yetirilməsini və kommersiya baxımından bir-biri ilə əvəz olunmasını mümkün edən oxşar xüsusiyyətləri və oxşar tərkib materialları olan mallar nəzərdə tutulur.

Malın gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən müəyyən olunur, gömrük orqanları isə onun düzgünlüyünü yoxlayır. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində gömrük dəyərinin qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim etməlidir. Həmin bildirişdə gömrük rüsumlarına təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır.

Malların gömrük dəyərini eynicinsli malların sövdələşmə qiyməti ilə mümkün olmadıqda, gömrük ərazisinə idxal edilən malların gömrük rüsumları çıxılmış (deduktiv) dəyər üsulu ilə müəyyənləşdirilir. Dəyərləndirilən malın çıxılmış dəyərini müəyyən edərkən, bu mallarla eyni və ya təqribən eyni vaxtda idxal olunmuş və ən böyük həcmdə, idxal olunduğu vəziyyətdə və əlaqəli olmayan şəxsə satılmış eyni və ya eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasındakı satış qiyməti müqayisə üçün əsas kimi götürülür və həmin qiymətdən aşağıdakı məbləğlər çıxılır:
1. idxal edilmiş eyni sinif və ya növ malların gömrük ərazisində satışı ilə əlaqədar ödənilən və ya ödənilməli olan komissiya haqları və ya həmin malların satışı ilə əlaqədar gəlir götürmək və ümumi xərcləri ödəmək üçün adətən edilən əlavələr;
2. gömrük ərazisində daşınma, yüklənmə, boşaldılma işlərinə və sığortaya adətən sərf olunan xərclər;
3. malların idxalı və satışı ilə əlaqədar gömrük ərazisində ödənilməli olan gömrük rüsumlarının, vergilərin və digər ödənişlərin məbləği.

Dəyərləndirilən malların idxalı ilə eyni və ya təqribən eyni vaxtda bu yuxarıda qeyd etdiyim satışı həyata keçirilməmişdirsə, gömrük rüsumları idxal olunan mallarla eyni və ya eynicinsli malların gömrük ərazisinə 90 (doxsan) gündən gec olmamaq şərtilə ən yaxın vaxtda satıldığı satış qiymətinə əsasən müəyyən olunur.

Dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda, eyni və ya eynicinsli malların gömrük ərazisində idxal olunduğu vəziyyətdə satışı olmadıqda, idxalatçının xahişi ilə eyni və ya təqribən eyni vaxtda idxal olunmuş və ən böyük həcmdə, emal olunmuş vəziyyətdə və əlaqəli olmayan şəxsə satılmış eyni və ya eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasında satış qiyməti əsas götürülür. Bu halda, dəyərləndirilən malların gömrük ərazisində sonradan yığılması, qablaşdırılması və növbəti emalı ilə əlaqədar xərclər çıxılır. İdxal edilən malların gömrük rüsumlarını dəyərin çıxılması üsulu ilə hesablamaq mümkün olmadıqda, malların gömrük dəyəri toplanmış dəyər üsulu ilə müəyyənləşdirilir.

Malların toplanmış dəyəri aşağıdakı məbləğlərin toplanması yolu ilə hesablanır:
1. idxal edilən malların hazırlanmasında istifadə edilən materiallara, həmin malların istehsalına və ya emalına çəkilən xərclər və ya bunların dəyəri;
2. Azərbaycan Respublikasına ixrac etmək məqsədi ilə ixrac ölkəsində istehsalçılar tərəfindən hazırlanan və dəyərləndirilən mallarla eyni sinif və ya növdən olan malların satışı zamanı adətən nəzərə alınan mənfəətə və ümumi xərclərə bərabər mənfəət və ümumi xərclərin həcmi;
3. idxal olunan malların sığorta xərcləri, həmçinin hava və dəniz limanınadək, yaxud gömrük ərazisinə daxil olduğu digər yerədək nəqliyyat xərcləri, həmin yerədək malın yüklənmə, boşaldılma xərcləri.
Dəyərin çıxılması üsulu ilə dəyərin toplanması üsulu bəyannaməçinin seçimi əsasında istənilən ardıcıllıqla tətbiq edilir.

İdxal olunan malların gömrük dəyərini bu heç bir üsulla müəyyənləşdirmək mümkün olmadıqda beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplər və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir.
Lakin aşağıdakılar əsasında müəyyən edilə bilməz:
1. gömrük ərazisində istehsal edilən malların həmin ərazidəki satış qiyməti;
2. müqayisə üçün seçilən iki alternativ dəyərdən gömrük məqsədləri üçün ən yüksək olanının qəbul edilməsini nəzərdə tutan sistem;
3. malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti;
4. bu Qanunun 17-ci maddəsinə uyğun olaraq eyni və ya eynicinsli mallar üçün müəyyənləşdirilmiş xərclərdən fərqli istehsal xərcləri;
5. gömrük ərazisindən fərqli hər hansı ölkəyə ixrac üçün nəzərdə tutulan malların qiyməti;
6. minimum gömrük dəyəri;
7. kortəbii müəyyən edilən və ya saxta dəyərlər.