gomruk resmilesdirilmesi

Malların Gömrük Rəsmiləşdirilməsi üzrə Mütəxəssis

Gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərin məcmusudur.

Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri aşağıdakılardan asılı olaraq fərqləndirilir:
1. gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə;
2. gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə;
3. malları keçirən şəxsə görə.

Hüquqi şəxslərin gömrük brokeri kimi fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri də onların ştatında olan əməkdaşların ixtisas attestatlarına və ali təhsilə malik olmasıdır, əks halda gömrük brokeri kimi fəaliyyət göstərə bilməz. Gömrük brokeri əmək müqaviləsi əsasında ştatında olan əməkdaşlara ixtisas attestatının verilməsi üçün Dövlət Gömrük Komitəsinə yazılı və ya elektron formada ərizə ilə müraciət etməlidir. Həmin əməkdaşlar Dövlət Gömrük Komitəsinin təşkil etdiyi imtahandan uğurla keçdikdən sonra 5 il müddətində etibarlı olan ixtisas attestatlarına sahib olur və gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis hesab olunurlar.

Malların mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir. Gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının dövlət dilində aparılmalıdır. Rəsmiləşdirilmə gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis tərəfindən gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Gömrük rəsmiləşdirilməsi zamanı ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsi tələb olunur. Həmin icazənin alınması üçün şəxs tərəfindən əvvəlcədən gömrük orqanına müraciət edilir. İcazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir. Yazılı icazənin alınması üçün müraciət edildikdə, gömrük orqanı tərəfindən müraciətə daxil olduğu tarixdən 2 (iki) iş günü müddətində baxılır və şəxsə kağız üzərində yazılı və ya elektron formalarda icazə verilir. Yazılı icazənin alınması üçün təqdim edilən sənədlərdə gömrük məqsədləri üçün kifayət qədər məlumat olduqda, gömrük orqanı tərəfindən əməliyyatın xüsusiyyətindən asılı olaraq həmin əməliyyatın həyata keçirilməsi üçün müvafiq qeydiyyat aparılaraq icazə verilir. Gömrük Məcəlləsinin tələblərinin yerinə yetirilməməsi barədə əsas olduqda, icazənin verilməsindən imtina edilir və bu barədə şəxsə əsaslandırılmış səbəb göstərilməklə kağız üzərində yazılı və ya elektron formalarda məlumat verilir. İcazənin müddəti əməliyyatın faktiki başa çatması müddəti ilə tamamlanır.

Rəsmiləşdirilmə malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və gömrük ödənişləri ödənildikdən sonra başa çatır.Gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər üçün ayrılmış yerlərdə aparılır. Gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı iş vaxtını Dövlət Gömrük Komitəsi müəyyən edir. Gömrük orqanlarının icazəsi ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə və iş vaxtından kənar saatlarda da aparıla bilər.

Gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi (“elektron növbə”) tətbiq edilir. Mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri öz təşəbbüsləri ilə gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər.

Gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının tələbi ilə malların gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir.

Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilməlidir.

Təbii fəlakət zonalarında zərər çəkmiş əhaliyə yardım göstərilməsi üçün göndərilən ərzaq məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar yardım yükü hesab olunur. Yardım yüklərinin gömrük rəsmiləşdirilməsi vaxtından asılı olmayaraq güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir və sadələşdirilmiş bəyannamələrdən istifadə olunmaqla həyata keçirilir.

Lakin yardım yükləri yalnız nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilir. Bu yardım yüklərinin başqa məqsədlər üçün istifadəyə gömrük ödənişləri tam ödənildikdən, Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra gömrük orqanlarının icazəsi ilə yol verilir. Həmin yüklərə ticarət siyasəti tədbirləri, qadağa və məhdudiyyətlər, həmçinin gömrük ödənişləri tətbiq edilmir.

Gömrük ərazisinə gətirilən canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən malların gömrük rəsmiləşdirilməsi vaxtından asılı olmayaraq sadələşdirilmiş qaydada həyata keçirilir. Gömrük sərhədindən keçirilən canlı heyvanların sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi onların tələf olmaması, tez xarab olan malların xarakterindən asılı olaraq sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi onların xarab olmaması, radioaktiv maddələrin gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydada aparılması təhlükəsizliyin təmin edilməsi, kütləvi informasiya məqsədləri üçün gömrük sərhədindən keçirilən məlumatların və digər materialların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydada aparılması onların aktuallığının itirilməməsi məqsədi ilə həyata keçirilir. Gömrük orqanları gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələr götürmək və onların gömrük ekspertizasını aparmaq hüququna da malikdirlər