Malın preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsinin bəzi mühüm nüansları

Malın mənşə ölkəsini təsdiq edən sənəd malın mənşə sertifikatı və ya malın mənşəyi haqqında bəyannamədir. Mənşə sertifikatı beynəlxalq ticarətdə gömrük rəsmiləşdirilməsi zamanı tələb edilən, idxal-ixrac əməliyyatlarının auditi zamanı diqqətlə araşdırılan sənədlərdən biridir. Malın mənşə ölkəsi dedikdə, malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş meyarlar əsasında kifayət qədər emalı və ya yenidən emala məruz qaldığı ölkə başa düşülür.

Malın mənşə ölkəsinin müəyyənləşdirilməsi gömrük əməliyyatlarının sadələşdirilməsi barədə Kioto Konvensiyasında öz əksini tapmış beynəlxalq təcrübəyə əsaslanır. Mənşə sertifikatı «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq, mənşəyi gömrük tarifinə görə Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara, müəyyən ölkədən gətirilməsi kəmiyyət məhdudiyyətləri ilə tənzimlənən mallara, gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərdə mənşəyi haqqında məlumat olmayan mallara və s. malı bəyan edən tərəfindən gömrük orqanlarına təqdim edilir.

Hər hansı bir ölkədə tam istehsal olunmuş mal üzrə həmin ölkənin mənşə ölkəsi olmasının təyin edilməsi onu müşayiət edən mənşə sertifikatında olan bəzi məlumatların düzgünlüyü ilə təsdiq edilə bilər. Həmin  ölkədə becərilmiş və ya yığılmış bütün bitki mənşəli məhsullar, meyvələr, tərəvəzlər, ağaclar, dəniz bitkiləri, göbələklər, orada doğulmuş və bəslənilmiş heyvanlar, o ölkəyə məxsus və ya onun tərəfindən icarəyə götürülmüş kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmış yüksək texnologiya məhsulları və s. orada tam istehsal edilmiş mallar hesab edilir.

Malların sökülməsi, yığılması, süzülməsi, bankalara, flakonlara, torbalara, yeşiklərə, qutulara çəkilib-qablaşıdırılması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün yenidən qablaşdırılması, meyvə, tərəvəz və ya çərəzlərin qabıqlarının təmizlənilməsi, toxumlarının çıxarılması, doğranılması, heyvanların kəsilməsi, ətinin doğranılması və s. kifayət qədər emal meyarına cavab verməyən əməliyyatlardır. Məsələn, A ölkəsində doğulmuş və bəslənilmiş heyvanların B ölkəsinə idxal edilərək, onların kəsilməsi, doğranılması və qablaşdırılması, həmin heyvanların mənşə ölkəsinin B ölkəsi olması üçün əsas sayılmır.  Lakin, A ölkəsində bəslənilmiş heyvanların B ölkəsinə idxal edilərək, kifayət qədər emal edilmiş, malın təsnifat kodunun mövqeyinin heç olmasa birində dəyişiklik baş vermişdirsə, bu zaman malın mənşə ölkəsi B ölkəsi hesab edilir. Buna misal olaraq, mal-qaranın A ölkəsindən B ölkəsinə idxal edilib, onlardan kolbasa məmulatları hazırlanarsa bu zaman malın  mənşə ölkəsi B ölkəsi qəbul edilir.

Malın təsnifat kodunun dəyişməsi, kifayət qədər istehsal, texnoloji əməliyyat şərtlərinin yerinə yetirilməsi, emal zamanı istifadə edilmiş xarici mənşəli materialların dəyəri son məhsulun dəyərindən faizlə (advalor qaydada) təsbit edilmiş miqdarından çox olmaması və s. müəyyən bir ölkədə malların kifayət qədər emalının meyarlarıdır.

İsitfadə olunmuş xarici mənşəli materialların dəyəri son məhsulun qiymətində müəyyən edilmiş faiz payına bərabər olduğu halda advalor pay qaydası tətbiq edilir. Advalor pay qadasının tətbiq olunduğu hallarda qiymətlər iki formada hesablanır:

  • Xarici mənşəli mallar üçün – məhsul istehsalını həyata keçirən ölkəyə materiallar idxal edildikdə, onların gömrük dəyəri və ya mənşəyi barədə məlumat olmadıqda, məhsul istehsalını həyata keçirən ölkə ərazisində bu materialların sənədlə təsdiq edilmiş ilk satış qiymətinə əsasən;
  • Son məhsul üçün – franko-zavod şərtlərinə uyğun olaraq malın sonuncu emala məruz qaldığı müəssisənin istehsalçısına ödənilməli olan qiymətə əsasən.

Franko-zavod şərti (EXW) istehsalçı tərəfindən mal partiyasının malın istehsal olunduğu yerdə və ya anbarda alıcının sərəncamına verilməsidir. Belə olan halda malın istehsal olunduğu yerdən və ya anbardan təyinat yerinə qədər daşınmasını və sığorta xərclərini alıcı qarşılayır.

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malın mənşə ölkəsi hansı ölkədirsə, malın qabının mənşə ölkəsi də həmin ölkə sayılır. İstisna hallarda, qablaşdırma xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq ayrıca mal kimi bəyan olunduğu halda, malın qabının mənşə ölkəsi ayrıca olaraq müəyyən edilir.

Bazar iqtisadiyyatı şəraitində hər bir dövlət başqa dövlətlərə və ya dövlətlər qrupuna gömrük sərhədindən keçirilən mallar üzrə gömrük rüsumuna preferensiyalar, güzəştlər tətbiq edə bilər. Gömrük rüsumları bütün sərhədboyu dövriyyəyə şamil edilir. Bəzi mallar növündən, mənşə ölkəsindən,bəyan edilmiş gömrük rejimindən asılı olaraq gömrük rüsumlarından azad edilirlər. İdxal gömrük rüsumlarının dərəcələri malın mənşə ölkəsindən asılı olaraq diferensasiya olunur. Beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirlərindən və ya qeyri-tarif preferensial tədbirlərindən istifadə etmək üçün malların preferensial mənşəyi malın mənşə ölkəsini təsdiq edən sertifikata uyğun olaraq təsdiq edilməlidir. Gömrük orqanları müvafiq ölkələrin mənşə sertifikatlarının blank nümunələrinin gömrük orqanlarında olan nümunələrlə eyniliyini, sertifikatları təsdiq etmək hüququna malik olan şəxslərin imza nümunələrini, səlahiyyətli orqanların möhürlərinin əksini, səlahiyyətli orqanların adları və ünvanları barədə məlumatları yoxlayırlar. Sertifikatın və ya onda qeyd olunan məlumatların düzgünlüyünə əsaslı şübhə yarandıqda, gömrük orqanları sertifikatı vermiş səlahiyyətli orqanlara və ya malın mənşə ölkəsi kimi göstərilmiş ölkənin digər səlahiyyətli orqanlarına əlavə və dəqiqləşdirici məlumatların verilməsi barədə müraciət edir. Gömrük orqanları tərəfindən təqdim edilən sənəddə pozmalar, qaralamalar, təsdiq edilməmiş düzəlişlər mövcud olduqda, həmçinin imzalar və ya möhürlər olmadıqda, sorğulanan sertifikatın həqiqiliyi barədə gömrük orqanlarına ixrac ölkəsinin və ya malların mənşə ölkəsinin səlahiyyətli orqanlarından 6 (altı) ay müddətində (ilkin sorğu tarixindən etibarən 3 (üç) ay və təkrar sorğu tarixindən etibarən 3 (üç) ay cavab gəlmədikdə sertifikat tanınmır.

Azərbaycan Respublikası xarici dövlətlərlə azad ticarət haqqında olan sazişə əsasən malların idxalına gömrük idxal rüsumunun qarşılıqlı surətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdursa, bu zaman mənşə ölkəsi həmin ölkələr olan mallara və mal qismində nəqliyyat vasitələrinə gömrük idxal rüsumları tətbiq edilmir. Sərbəst ticarət rejminin təqdim edilməsi qaydalarına əsasən Sazişin iştirakçısı olan dövlətlərin rezidentləri arasındakı müqaviləyə əsasən, mal sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac və sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunarsa, belə olan halda sazişin iştirakçısı olan dövlətlərdən idxal edilən mallara sərbəst ticarət rejimi tətbiq edilir. Həmçinin müqaviləyə uyğun olaraq, mal üzərində mülkiyyət hüququ sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsus olmalıdır. Eyni zamanda malların preferensial mənşəyinin təsdiqi üçün malın mənşəyi haqqında sənəd təqdim edilməlidir.

Sərbəst ticarət rejiminin təqdim edilməsi məqsədilə Sazişin iştirakçısı olan konkret dövlətdə malın mənşə ölkəsinin təsdiq edilməsi üçün idxal ölkəsinin gömrük orqanına CT-1 formalı sertifikatın əsli və ya malın mənşəyi barədə bəyannamə təqdim olunmalıdır. Əgər Sazişin iştirakçısı olan dövlət mənşəli olan və bir mal partiyasında rəsmiləşdirilən idxal edilmiş malların ümumi dəyəri 5000 (beş min) ABŞ dollarına bərabər məbləğdən artıq deyildirsə, sərbəst ticarət rejiminin təqdim olunması məqsədi ilə idxal edilən belə malların mənşə ölkəsini təsdiq edən sənəd qismində malın mənşəyi barədə bəyannamə təqdim edilə bilər. Əgər malın mənşə ölkəsini təsdiq edən sənəd qismində malın mənşəyi barədə bəyannamə təqdim edilmişdirsə və həmin bəyannamədə malların mənşə ölkəsi haqqında məlumatların yanlış olması əlamətləri aşkar edilərsə, idxal ölkəsinin gömrük orqanlarının əsaslandırılmış tələbi ilə CT-1 formalı mənşə sertifikatı təqdim edilir. Mənşə sertifikatı itdiyi halda, onun rəsmi qaydada təsdiq olunmuş yeni sertifikat blankında dublikatı təqdim edilir. CT-1 formalı sertifikat bir mal partiyasına görə tərtib edilir və tətbiqedilmə müddəti onun verilmə tarixindən etibarən 12 ay ilə məhdudlaşdırılır.

Malın mənşəyini əks etdirən sertifikat formaları “CT-1”, “A” və “Ümumi forma” olmaqla üç hissəyə bölünür. “CT-1” formalı mənşə sertifikatı malın MDB ölkələrinə ixracı zamanı, “A” formalı mənşə sertifikatı malın Avropa Birliyi ölkələrinə (Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə daxil olan ölkələrə) ixracı zamanı, “Ümumi forma” mənşə sertifikatı malın Avropa Birliyinin və MDB ölkələrinin üzvü olmayan digər ölkələrə ixracı zamanı tərtib olunur.

İdxal və ixrac əməliyyatlarında bəyanetmə zamanı gömrük bəyannaməsinin 44-cü qrafasında məlumatların göstərilməsi zamanı istifadə edilən sənəd növlərinin təsnifatı qismində malın mənşəyini təsdiq edən sertifikat “7000” kodu altında göstərilir. Lakin, bəzən azad ticarət rejimi tətbiq edilən ölkələrdən idxal edilən mallara CT-1 formalı sertifikat təqdim edilmədiyi halda belə, bəyanetmə zamanı 44-cü qrafada mənşə sertifikatı qeyd olunduğu üçün həmin mallara sistem avtomatik olaraq “Azad ticarət” imtiyazı qeyd etməyi tələb edir. Təklif edərdim ki, “CT-1”, “A” və “Ümumi forma” olan mənşə sertifikatlarının hər biri ayrıca kod altında, məsələn, “CT-1” sertifikat – 7000a, “A” formalı sertifikat – 7000b, “Ümumi forma” sertifikat isə – 7000c kimi təsnif edilsin.