gomruk cerimeleri ve gomruk vergileri

Gömrük Cərimələri və Gömrük Vergiləri

Gömrük qaydaları əleyhinə olan hüquqpozmaların xarakterinə, ağırlıq dərəcəsinə, ictimai təhlükəliliyinə görə istər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində (37-ci fəsil) və istərsə də Cinayət Məcəlləsində təqsirkar şəxslər barəsində müvafiq olaraq inzibati tənbeh və cəza tədbirləri nəzərdə tutulmuşdur.

Gömrük qanunvericiliyinin tələblərini pozan şəxslər barəsində qanunvericilikdə, eləcədə təcrübədə cərimələr növündə(bundan sonra Gömrük cərimələri) tənbeh və ya cəzalar tez-tez tətbiq edilir. Aşağıda Gömrük cərimələrin tətbiq edilə biləcəyi hallar haqqında bəhs ediləcəkdir. Təbii ki, gömrük hüquqpozmalarına görə nəzərdə tutulan bütün sanksiyaların daha dəqiq adları bu məcəllələrin müvafiq normalarında tanış olmaq lazımdır.

Ümumiyyətlə qeyd olunmalıdır ki, manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği isə əlli min manatdan artıq ola bilməz.
İnzibati Xətalar Məcəlləsinə görə tətbiq edilə biləcək Gömrük cərimələrinin məbləğləri haqqında təsəvvürün formalaşması üçün Gömrük cərimələrinin tətbiq edilə biləcəyi(məbləği ilə birlikdə) bəzi növ hüquqpozmalar:
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat, hüquqi şəxslər min beş yüz manat məbləğində;
İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə;
İdxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalına görə həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən yüz faizinədək məbləğdə;
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənar yerdən və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar vaxtda keçirilməsinə görə(əlli min manatadək miqdarda olduqda) həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə;
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə(əlli min manatadək miqdarda olduqda) həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə;
Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə(əlli min manatadək miqdarda olduqda) həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə və s.

Gömrük cərimələrin tətbiq edilə biləcəyi digər hüquqpozmaların bir neçəsinin adları:
Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi;
Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması;
Gömrük nəzarəti zonası rejiminin pozulması;
Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi;
Fors-major hallarda və ya qəza zamanı müvafiq tədbirin görülməməsi;
Malların, nəqliyyat vasitələrinin və ya onlara aid olan sənədlərin müvafiq icra hakimiyyəti orqanına çatdırılmaması və ya müəyyən edilmiş marşrut və müddətlər pozulmaqla çatdırılması;
Azərbaycan Respublikasının gömrük sərhədindən nəqliyyat vasitələrinin keçirilməsi qaydasının pozulması;
Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə yan alma;
Gömrük rəsmiləşdirilməsi qaydasının pozulması;
Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması;
Gömrük təminatının pozulması və s.

İnzibati Xətallar Məcəlləsinin müvafiq normaları üzrə Gömrük brokerləri (gömrük təmsilçisi) barəsində Gömrük cərimələri də nəzərdə tutulur. Məsələn, gömrük brokerinin qanunla mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etmələrinə və ya qanunla nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük brokeri (təmsilçisi) kimi fəaliyyət göstərilməsinin gömrük qanunvericiliyi ilə müəyyən edilmiş digər qaydalarının və şərtlərinin pozulmasına görə hüquqi şəxslərə min manatdan min beş yüz manatadək ; Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələbləri pozulmaqla gömrük brokeri (gömrük təmsilçisi) kimi qanunsuz fəaliyyət göstərilməsinə görə isə beş yüz manatdan min manatadək Gömrük cərimələri nəzərdə tutulur.

Cinayət Məcəlləsində böyük məbləğdə gömrük cərimələrinin nəzərdə tutulduğu qaçaqmalçılıq növündə cinayət əməlindən bəhs edilir. Belə ki, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların xeyli miqdarda (əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğdə) keçirilməsi cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə; Həmin məbləğ külli miqdarda törədildikdə, yəni iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğdə olduqda cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə edilməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə; bu əməllər xüsusilə külli miqdarda(beş yüz min manatdan yuxarı olan məbləğ) törədildikdə isə cinayətin predmetin dəyərinin altmış faizindən səksən faizinədək miqdarında cərimə və ya cinayətin predmetin dəyərinin altmış faizindən səksən faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gömrük vergiləri(ƏDV və aksiz)
Ümumilikdə Gömrük vergiləri anlayışında 3 növ vergi vardır: ƏDV, aksiz və yol vergisi. Əslində qanunvericilikdə Gömrük vergiləri anlayışı mövcud deyildir. Gömrük vergiləri adı altında tətbiq edilən ƏDV, Aksiz və yol vergiləri Vergi Məcəlləsi ilə tutulması gömrük orqanlarına həvalə edilmiş vergilərdir. Bu Gömrük vergiləri haqqında həm Gömrük Məcəlləsində, həm Vergi Məcəlləsində, həm də Nazirlər Kabinetinin müvafiq qərarlarında bəhs edilir.

Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) gətirilən və bu ərazidən aparılan mallara ƏDV Gömrük Məcəlləsinə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. ƏDV üzrə gömrük borcu Azərbaycan Respublikasının milli valyutası ilə ödənilir. ƏDV üzrə gömrük borcu gömrük orqanına yalnız bank, poçt və ya plastik kart vasitəsilə, beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsi operatorlarına qanunvericiliklə müəyyən edilmiş ödəniş vasitələri ilə ödənilir.
Azərbaycan Respublikasının gömrük orqanlarına (bundan sonra – gömrük orqanları) gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxslər ƏDV üzrə gömrük borcunun ödəyicisi hesab edilirlər.
ƏDV üzrə gömrük borcunun hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan vergi dərəcəsi əsas götürülür.

ƏDV üzrə gömrük borcunun məbləği hesablanarkən, malların Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyərinin, aksiz vergisinin və gömrük rüsumlarının məbləğinin cəmi əsas götürülür.

Malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyərini –“D”, aksiz vergisini – “A”, gömrük rüsumlarını – “R”, qüvvədə olan vergi dərəcəsini isə – “V” hərfi ilə işarə etsək, onda ƏDV-nin məbləği aşağıdakı qaydada hesablanacaqdır:
ƏDV = (D + A + R) x V/100
Aksiz – aksizli malların(qızıl, platin, gümüş, minik avtomobilləri, spirtli içkilərin bütün növləri, tutun məmulatları, energetik içkilər, xəz-dəri məmulatları və s.) satış qiymətinə daxil edilən vergidir.
Aşağıdakılar aksizdən azad edilir:
fiziki şəxsin fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;
Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar;
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı;
Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl.