Gömrük dəyəri

Gömrük dəyəri. Gömrük rüsumunun hesablanması.

Azərbaycan Respublikası ərazisinə gətirilən, yaxud ixrac edilən kommersiya məqsədi üçün nəzərdə tutulan malları bəyan edən şəxslər malların gömrük dəyərini müəyyən etməlidirlər.  Malların gömrük dəyəri — gömrük ödənişlərinin hesablanması, başqa gömrük məqsədləri üçün malların dəyərinin müəyyən edilməsi, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyətin tətbiq edilməsi və gömrük statistikasını aparmaq üçün istifadə olunur.

Gömrük rəsmiləşdirilməsi aparılan müvafiq gömrük orqanı istər mal sahibinin özü, istərsə də gömrük bəyannaməçisi tərəfindən gömrük dəyərinin düzgün müəyyən edilməsinə nəzarəti həyata keçirir.

Gömrük dəyərinin müəyyən edilməsi qaydaları Gömrük Məcəlləsi və Azərbaycan Respublikasının «Gömrük Tarifi» haqqında Qanunu ilə tənzimlənir.

Bəyannaməçinin gömrük dəyərini dürüst, obyektiv və sənədlərlə təsdiq edilən məlumatlar əsasında müəyyən etməlidir. Belə məlumat olmadıqda gömrük orqanları müvafiq düzəlişlər edərək özlərində olan məlumatlardan (analoji malların qiymətləri haqqında, o cümlədən ticarət şirkətlərinin kataloqlarında və digər mötəbər mənbələrdə olan məlumatlardan) istifadə edə bilər.

Malların gömrük dəyərinin müəyyən edilməsinin üsulları aşağıdakılardır:

I üsul — malların sövdələşmə qiyməti ilə;

II üsul — eyni malların sövdələşmə qiyməti ilə;

III üsul — eynicinsli malların sövdələşmə qiyməti ilə;

IV üsul — dəyərin toplanması üsulu ilə;

V üsul — dəyərinin çıxılması üsulu ilə;

VI üsul — ehtiyat üsulu ilə bəyannaməçi tərəfindən bəyan edilir.

Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, yuxarıda göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.

Malların sövdələşmə qiyməti mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətlərdir. Həmin qiymət mal-müşayiət sənədlərində(invoys, hesab faktura, yaxud müqavilə və s) öz əksini tapır.

Əgər həmin sənədlər olmadıqda, yaxud mövcud sənədlərdə qiymətlə bağlı çatışmamazlıqlar, belə məlumatlar arasında əhəmiyyətli dərəcədə uyğunsuzluqlar aşkar edildikdə bəyannaməçi növbəti üsula keçməli olur.

Dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti qəbul edilir. Bu zaman dəyərləndirilən mallarla eyni kommersiya səviyyəsində və eyni və ya təqribən eyni miqdarda satılan eyni malların sövdələşmə qiymətindən istifadə olunur.

Növbəti üsul dəyərləndirilən mallarla eyni və təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eynicinsli malların sövdələşmə qiyməti üsuludur.

Malların gömrük dəyərini eynicinsli malların sövdələşmə qiyməti üsulu ilə müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri çıxılmış (deduktiv) dəyər, yaxud toplanmış dəyər üsullarından biri ilə müəyyənləşdirilir. Bu üsullar bəyannaməçinin seçimi əsasında istənilən ardıcıllıqla tətbiq edilir. Bu üsulların tətbiqi bəyannaməçidən xüsusi bilik və bacarıq tələb edir ki, adətən onların tətbiqi Gömrük brokerlərində çalışan gömrük bəyannaməçiləri tərəfindən həyata keçirilə bilər.

Əvvəlki 5 üsul gömrük dəyərini təyin etməyə imkan vermirsə axırıncı – altıncı üsuldan istifadə olunur. Bu  üsul  ehtiyat  üsul  adlandırılır  və  qiymətləndirilən  malların  gömrük  dəyərinin  dünya  təcrübəsi  nəzərə alınmaqla  təyin  edilməsinə əsaslanır.  Diqqət  edilməlidir  ki,  6-cı  üsulla  gömrük  dəyərinin  təyin  edilməsində  istifadə  edilən  ilkin  qiymət göstəricilərinə başlıca tələb onların konkretliyi və ya ünvanlı olmasıdır. Yəni qiymət konkret mala uyğun olmalı və ümumi məlumat çətinlik çəkmədən və birmənalı şəkildə eyniləşdirilməyə imkan verməlidir (malın ticari adı, təvsiri, istehsalçı barədə məlumat, material, texniki parametrlər və s.).

Gömrük rüsumu və gömrük rüsumunun hesablanması.

Gömrük rüsumları, sadə dillə desək idxal, yaxud ixrac rüsumları gömrük dəyəri əsasında hesablanır, yəni hesablama bazası gömrük dəyəridir. Gömrük rüsumlarının hesablanmasının 3 üsulu vardır:

  1. Spesifik,
  2. Advalor,
  3. Kombinə edilmiş.

Spesifik üsul ilə hesablamada gömrük rüsumları hər vahidə, hər ədədə, hər çəkiyə görə həyata keçirilir. Məsələn, ölkəyə siqaret idxal olunanda gömrük rüsumları bir min ədədinə görə, spirtli içkilər litrinə görə hesablanır.

Advalor üsulda gömrük rüsumları gömrük dəyərinə görə faizlə hesablanır. 3 cür faiz dərəcəsi vardır: 0, 5 və 15 faiz dərəcələri. Məsələn, malın gömrük dəyəri 10000(on min) manat olarsa gömrük mal koduna(namenklaturaya) uyğun olaraq həmin malın 0, 5, yaxud 15 faiz dərəcəsinə düşdüyü müəyyən edilərək gömrük rüsumu hesablanır.

Həm spesifik, həm advalor üsullardan istifadə etməklə gömrük rüsumları hesablananda isə bu üsul kombinə edilmiş üsul adlanır.