Gömrük brokeri kimdir?

Gömrük brokeri şirkəti gömrük məsələlərinin həlli üzrə ixtisaslaşmış hüquqi şəxsdir. Bildiyiniz kimi ölkənin gömrük sərhədindən keçən mallar gömrük rəsmiləşdirilməsinə tabedir və bu rəsmiləşdirilmənin həyata keçirilməsi əksər hallarda ixtisaslı gömrük brokerlərinə həvalə olunur. Belə ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslər tez-tez gömrük təmsilçiliyi xidmətlərinə ehtiyac duyurlar. Bu zaman gömrük brokeri ixrac olunan və ya idxal olunan məhsulların gömrük rəsmiləşdirilməsini təmin edir. Nəticə etibarı ilə beynəlxalq ticarət və gömrük əməliyyatları ilə məşğul olan hər bir sahibkar üçün gömrük brokeri ilə əməkdaşlıq faydalıdır.

Gömrük brokeri:

  • Gömrük orqanlarında sizin maraqlarınızı təmsil edir;
  • Mal-müşayiət sənədlərini, mallar ölkəyə idxal olunmamışdan əvvəl yoxlayır, səhvləri üzə çıxarır və onların aradan qaldırılmasına dəstək olur;
  • Gömrük rəsmiləşdirilməsi məqsədilə qəbul edilmiş mal və nəqliyyat vasitələrinə aid müşayiət sənədləri əsasında elektron gömrük bəyannaməsini tərtib edir və müvafiq gömrük orqanına ötürür;
  • Xərclərin hesablanmasında və müvafiq gömrük rüsumlarının ödənilməsində köməklik göstərir;
  • Müştərinin idxal və ixrac əməliyyatlarının hüquqi təminatını həyata keçirir;
  • Yükləmə spesifikasiyası, mal-müşaiyət sənədlərini (CMR, TIR carnet, invoys, müqavilə və s.) doldurur;
  • Nəqliyyat vasitələri ilə gələn yükləri gömrük nəzarəti başa çatdıqdan sonra anbarlar və ya terminallardan birbaşa mal sahiblərinə təhvil verir;
  • Gömrük işi sahəsində məsləhətlər verir.

Nəzərə alınmalıdır ki, Bakı şəhəri Azərbaycan Respublikasının ən mühüm ticarət mərkəzidir. Böyük miqdarda mallar gündəlik olaraq paytaxt Bakı şəhərinə yalnız regionlardan deyil, digər ölkələrdən də gətirilir. Bununla da gömrük brokeri xidmətlərinə daima tələbat vardır. Əgər mal-müşayiət sənədlərinin rəsmiləşdirilməsi ilə bağlı ixtisaslı nümayəndəyə, gömrük orqanları ilə əlaqədar məsələlərin çevik həll edilməsinə ehtiyacınız varsa gömrük brokerinin xidmətlərindən istifadə etmənizdə fayda vardır!