Direktorun müraciəti

Şirkətmiz ölkəmizdə gömrük təmsilçiliyi(broker) sahəsində xidmət göstərən ilk özəl şirkətlərdən biri olmaqla 2016-ci ildə fəaliyyətə başladığı gündən etibarən işini qısa müddətli gəlir əldə etmək üzərində deyil, düşünülmüş və uzunmüddətli strategiya əsasında qurmuşdur. Şirkətimiz təsis edildiyi andan biz dərk edirdik ki, biznesimizin müvəffəqiyyəti qısamüddətli mənfəətdən deyil, yaxşı düşünülmüş uzunmüddətli strategiyadan asılı olacaqdır. Bu uzunmüddətli strategiyadan irəli gələrək də qarşıya qoyduğumuz əsas məqsədlər aşağıdakılardan ibarətdir:

  • Gömrük təmsilçiliyi(broker) xidmətləri bazarının böyük hissəsinə sahib olmaq;
  • Etibarlı şirkət adını qazanmaq;
  • Yüksək iqtisadi göstəricilərə, keyfiyyətli xidmətlərə nail olmaq.

Biz başa düşürük ki, bu məqsədlərə yalnız şirkətmizin bütün əməkdaşlarının bölüşdüyü insani dəyərlərə sahib olmaqla nail olmaq mümkündür. Bu dəyərlər aşağıdakılardır:

  • düzgünlük və saflıq;
  • səmimilik və münasibətlərdə qarşılıqlı kömək;
  • komanda ruhu;
  • özünü tənqid və digərlərin nöqsanlarına dözüm;
  • əməksevərlik;
  • vicdanlılıq;
  • qəbul edilmiş qərarlara və öhdəliklərə cavabdehlik.

Fəaliyyətimiz dövründə bu dəyərlərə sadiqliyimiz bizi Gömrük təmsilçiliyi xidmətləri sahəsində böyük nailiyyətlər əldə etməyimizə, həmçinin müştərilər və tərəfdaşlar qarşısında, onlar üçün ən sərfəli şərtlərlə, hətta, bəzən şirkətin zərəri bahasına belə götürdüyümüz bütün öhdəliklərin keyfiyyətlə, çevik yerinə yetirməsinə gətirib çıxarmışdır.

Şirkətin cəmiyyətimizdəki rolu və əldə etdiyi nəticələri haqqında düşünərkən biz, Azərbaycanda bazar münasibətlərinin formalaşması, demokratik prinsiplərin bərqərar olması və vətəndaş cəmiyyətinin inkişafına kiçik də olsa töhvə verməkdən böyük məmnuniyyət hissi keçiririk.

Bu etika kodeksini qəbul etməklə biz şirkətimizin idarəetmə üslubunu əks etdirmək, ümumi məqsədlər üzərində kollektivi bir araya gətirmək və bütün əməkdaşları şirkətin etik dəyərlərini bölüşməyə dəvət etmək məqsədini güdmüşük.

Ümumiyyətlə şirkətimizin etika kodeksi hər bir əməkdaşın mənəvi və etik dəyərlərini əks etdirir. Bu kodeks bizə əməkdaşlarımız, müştərilərimiz və tərəfdaşlarımız ilə münasibətlərdə təsbit etdiyimiz standartları müəyyən edir.

Arzu edirəm ki, hər bir əməkdaş bu etika kodeksi ilə yaxından tanış olsun və gələcək fəaliyyətində onun müddəalarını rəhbər tutaraq şirkətmizin daha da inkişafına və güclənməsinə öz töhvəsini versin.

– Rahib Hüseynli

 

BİZİM MİSSİYA

Biz, xidmətlər sektorunda yüklərin idxalı və ixracı prosesinin rəsmiləşdirilməsi fəaliyyətini göstərməyi qarşımıza məqsəd qoymuşuq və bu istiqamətdə strategiyamız uzunmüddətlidir. Biz missiyamızı sahibkarların gömrük təmsilçisi olmaqla onların ixrac-idxal əməliyyatlarını asanlaşdırmaqda və respublikada gömrük brokerliyi sahəsində “qızıl standarta” nail olmaqda görürük.

Digər bir missiyamız uğurlu fəaliyyətimizlə müştərilərmizin ehtiyaclarını ödəmək, əməkdaşlarımız üçün mənalı iş və karyera imkanlarını təmin etməkdir. 

I. Öhdəlİklərİmİz

Şirkətimiz daima bütün maraqlı tərəflər qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə  çalışır.

1. Müştərilər qarşısında

Yüksək keyfiyyətli xidmətlər
Şirkət göstərilən xidmətlərin keyfiyyətinə və bu xidmətlərin zamanında təqdim olunmasına cavabdehlik daşıyır.

Qərəzsiz münasibət
Şirkət milli, irqi, dini, cinsi, siyasi mənsubiyyətdən asılı olmayaraq bütün müştərilərə eyni səviyyədə xidmət göstərməyə təminat verir.

Xidmətlər haqqında düzgün məlumatlar və reklamlar
Şirkət göstərdiyi xidmətlər haqqında öz müştərilərinə düzgün məlumat verir.

Vədlərin yerinə yetirilməsi
Şirkət müştərilərinə verdiyi vədləri daima yerinə yetirir, xidmətlərində olan istənilən dəyişiklik haqqında dərhal məlumat verir.

Müştərilərin ehtiyaclarının ödənilməsi
Biz çalışırıq ki, bütün müştərilərimiz bizim xidmətlərin səviyyəsindən razı qalsınlar. Hesab edirik ki, təqdim edilən xidmətlərin və ya görülmüş işlərin keyfiyyəti şirkətin imicini müəyyən edir.

Qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq
Şirkət öz müştəriləri, təchizatçılar və tərəfdaşları ilə əlaqələri qarşılıqlı fayda əsasında qurur.

Müqavilə öhdəliklərinə əməl etmək
Şirkət müştərilər, təchizatçılar və tərəfdaşlar qarşısında götürdüyü öhdəlikləri, o cümlədən məlumatların konfidensiallığı prinsipləri əsasında qarşılıqlı ödəniş şərtlərinə və müddətlərə sözsüz əməl edir.

2. Əməkdaşlar qarşısında

Əmək intizamı
Biz əməkdaşların işə gecikməsini, eyni zamanda digər əmək intizamı qaydalarının pozulmasını yolverilməz hesab edirik.

Ayrıseçkilik hallarının yolverilməzliyi
Şirkət, əməkdaşların milli, irqi, dini, cinsi, yaş, siyasi mənsubiyyətindən asılı olmayaraq, onlara qərəzsiz münasibət bəsləməyə təminat verir. Şirkət iş yerində insanın təqib olunmasını yolverilməz hesab edir. Seksual zəmində təqibetmə halları baş verərsə, şirkət tərəfindən ciddi inzibati tədbirlərin tətbiq edilməsi nəzərdə tutulur.

Əməkdaşlara ədalətli münasibət
Bizim bütün əməkdaşlar düzgün idarəetmə üslubu çərçivəsində ədalətli münasibət hüququna malikdirlər. Hər bir əməkdaşın, inandırıcı sübutlar təqdim etməklə, tabeliyində olduğu rəhbərin qərarlarından ən yüksək səviyyədə şikayət etmək hüququ vardır.

Novator ruhu və təşəbbüskarlıq
Şirkət əməkdaşlarının novator ideyalar irəli sürmələrini, təşəbbüskarlıq göstərərək yeni səmərələşdirici təkliflərlə çıxış etmələrini müsbət qarşılayır. Şirkət əməkdaşların, təşkilatın işi və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı səmərələşdirici təkliflərini istənilən an müzakirə etməyə hazırdır.

Professional inkişaf
Əməkdaşlarımız professional bilik və bacarıqlarını inikşaf etdirmək hüququna malikdirlər. Şirkət bu məqsədlə öz əməkdaşların müxtəlif treninqlərdə, ixtisasartırma və xarici dil kurslarında iştirakını dəstəkləyir və buna şərait yaradır.

Əməkdaşların sağlamlığı və özəl həyatı
Bütün əməkdaşlarımız əməyin təhlükəsizliyi və sağlamlığın qorunmas ilə bağlı dövlətin qanunlarına və şirkətin standartlarına əməl etməlidir. Şirkət əməkdaşların özəl həyatına müdaxilə edilməsini müsbət qarşılamır.

3. Rəqiblər qarşısında

Ədalətli rəqabət
Şirkət öz rəqibləri ilə münasibətini ədalətli rəqabət prinsipləri əsasında qurur. Biz rəqiblər haqqında əsassız fikirlərin deyilməsini və ya qiymət, bazar seqmentinin bölüşdürülməsi ilə bağlı sövdələşmələrin aparılmasını yolverilməz hesab edirik.

4. Cəmiyyət qarşısında

Şirkət dövlətin qanunlarına, qərar və göstərişlərinə ciddi əməl edir.
Biz uyğun ödənişli iş yerləri yaratmaqla cəmiyyətin inkişafına öz töhvəmizi veririk.
Biz əhalinin aztəminatl təbəqələrinə daima qayğı göstəririk. İmkan daxilində mədəniyyət, elm, incəsənət və səhiyyənin inkişafına təkan verən layihələri dəstəkləyirik.

II. Dİgər müddəalar

Hədiyyələr və əyləncələr
Şirkət milli adət-ənənələrimizi nəzərə alaraq, düşünülmüş həddə, kiçik məbləğdə hədiyyələrin verilməsini, müştərilər və təchizatçılar üçün əyləncəli tədbirlərin təşkilini məqsədə müvafiq hesab edir. Bir şərtlə ki, hədiyyə və əyləncələr təqdim olunan tərəfə şəxsi və korporativ xeyir güdmək məqsədi ilə edilən təzyiq və təsir  kimi dəyərləndirilмəsin. Həmçinin, əməkdaşlarımız rəhbərliyə məlumat verməklə, digər tərəflərdən hədiyyə qəbul edə və təşkil olunan əyləncəli tədbirlərdə iştirak edə bilərlər.

Maraqların münaqişəsi
Biz əməkdaşların şəxsi maraqları ilə, şirkətin məqsədləri arasında ziddiyyət təşkil edə bilən maraqların münaqişəsi hallarını yolverilməz hesab edirik. Bu hallar aşağıdakılardan ibarətdir:

  • Əməkdaşların müştərilər, rəqiblər və təşkilatlarla işgüzar münasibətlərdə şəxsi maddi maraq güdməsi;
  • Əməkdaşların, eyni zamanda rəqib şirkətdə əməkdaşlıq etməsi

Maliyyə hesabatları
Şirkət özünün bütün işgüzar yazışmalarının, məsələn sənədlərin, məktublarn, elektron məktublaşmanın dəqiqliyini, o cümlədən mövcud qanunvericiliyə uyğun olaraq mühasibat uçotunun aparılmasını təmin edir.

Siyasi fəaliyyət
Şirkət hüquqi şəxs qismində hər hansı bir siyasi fəaliyyətlə məşğul olmur və siyasi məqsədlər və ya siyasi partiyaların maliyyələşdirilməsi məqsədilə öz vəsaitlərindən istifadəni yolverilməz hesab edir.
Lakin, işdən sonra əməkdaşlarımızın istənilən siyasi partiya üzvü kimi fəaliyyət göstərməyə konstitusion hüquqları vardır.

Ətraf mühitə münasibət
Şirkət ətraf mühitin qorunması ilə bağlı dövlətin qərar və fərmanlarına hörmətlə yanaşır və əməkdaşlarından onlara əməl etməyi tələb edir.

III. Kodeksİn həyata keçİrİlməsİ mexanİzmlərİ

Şirkətimizin hər bir əməkdaşı Kodeksin müddəaları ilə yaxından tanış olmalı və öz fəaliyyətində onları rəhbər tutmalıdır.

Kodeks vəzifə və mövqeyindən asılı olmayaraq bütün əməkdaşlar üçün icbari xarakter daşıyır. Kodeksin müddəaları ilə bağlı ortaya çıxan istənilən sualı aydınlaşdırmaq üçün hər bir əməkdaşın rəhbərliyə müraciət etməsi xahiş olunur.

Şirkət rəhbərliyi kodeksin müddəalarının pozulması ilə əlaqədar günahı olan əməkdaşların rəhbərliyə səmimi etiraf etmələrini müsbət qarşılayır.

Şirkət rəhbərliyi kodeksin digər əməkdaş tərəfindən pozulduğunun şahidi olan əməkdaşlara tövsiyyə edir ki, həmin əməkdaşı israrla kodeksin müddəalarına əməl etməyə çağırsınlar.

Şirkət rəhbərliyi kodeksin müddəalarının pozulması ilə bağlı istənilən an müraciət qəbul edə və ya müxtəlif mürəkkəb və şübhə doğuran situasiyalara aydınlıq gətirə bilər.

Kodeksin müddəalarını ilk dəfə pozanlara qarşı şifahi xəbərdarlıq edilir. Əgər bu hal təkrarlanarsa yazılı xəbərdarlıq edilir. Kodeksin müddəaları üçüncü dəfə pozularsa şirkət rəhbərliyi əməkdaşa müvafiq intizam tənbehi tədbirləri tətbiq etmək hüququnu özündə saxlayır.